Mirze Feteli Axundov

Mirzə Fətəli Axundov yeni dövr Azərbaycan ədəbiyyatı və ictimai, siyasi və fəlsəfi fikrinin inkişafında mühüm rol oynayan görkəmli yazıçı, mütəfəkkir və ictimai xadimdir.

Fətəli 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada almışdır. 1818-ci ildə Fətəli anasının əmisi Axund Ələsgərin himayəsi altına keçibdir. Dövrünün görkəmli ruhanisi olan Axund Ələsgər kiçik Fətəlinin ağıllı, fərasətli bir uşaq olduğunu görüb, onun təhsil və tərbiyəsi ilə şəxsən məşğul olmuş, ona fars və ərəb dillərini, quranı, dini-fəlsəfi elmlərini öyrətmiş, klassik şərq ədəbiyyatının görkəmli nümayəndələrinin irsi ilə tanış etmişdir.

1832-ci ildə Axundov Gəncə şəhərində mədrəsədə dini təhsilini davam etdirmiş və burada müəllimlik edən şair Mirzə Şəfi Vazehlə onun arasında sıx dostluq əlaqəsi yaranmışdır. İstedadlı, azad fikirli şair olan Mirzə Şəfi Vazeh gənc Fətəlinin dünyagörüşünə qüvvətli təsir göstərmişdir. Bu təsirin sayəsində Axundov ruhani olmaq niyyətindən əl çəkmiş və ömrünü dünyəvi işlərə həsr etmək qərarına gəlmişdir.

1833-cü ildə M.F.Axundov Şəkidə ibtidai rus məktəbində oxumuşdur. 1834-cü ildə o, Tiflisdə Rusiyanın Qafqaz baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməsi vəzifəsində xidmət etməyə başlayır. Bu ildən ta ömrünün sonuna qədər Qafqazın baş hakimləri yanında mülki işlər, eyni zamanda müəyyən bir müddətdə diplomatik və hərbi işlər üzə tərcüməçi vəzifəsində çalışmışdır.

M.F.Axundov Tiflisdə çox mənalı və əlamətdar bir mühitə düşmüşdür. O, burada Şərq ədəbiyyatı, fəlsəfəsi, tarixi sahəsində biliklərini olduqca təkmilləşdirmişdir. O, eyni zamanda yeni dövr Qərbi Avropa və rus ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi, fəlsəfi fikrinin və dünyəvi elmlərinin nailiyyətlərinə yiyələnmişdir.

M.F.Axundov xidmət illərində bir şair, dramaturq, nasir, ədəbiyyat tənqidçisi, filosof və sosioloq kimi qızğın və səmərəli fəaliyyət göstərmiş, zəngin və rəngarəng bir irs yaratmışdır.

1857-ci ildən ta ömrünün sonuna qədər M.F.Axundov əvvəl islam əlifbasının islahı, 70-ci illərin əvvəllərindən isə onun latın əlifbası ilə əvəz olunması uğrunda fəal və cəsarətlə mübarizə aparmış və ərəb əlifbasının ilk "reformatoru" kimi Yaxın Şərq və Avropa ölkələrində tanınmışdır.

Böyük Azərbaycan yazıçısı mütəfəkkiri və ictimai xadimi M.F.Axundov 1878-ci il fevralın 26-da (yeni təqvimlə martın 10-da) vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.

M.F.Axundov gənclik illərində şair kimi fəaliyyətə başlamış və ömrünün sonuna qədər vaxtaşırı poetik yaradıcılığını davam etdirərək həm klassik şer, həm də xalq şeri üslubunda Azərbaycan və fars dillərində Səbuhi təxəllüsü ilə qoşma, gəraylı, müxəmməs mənzum məktublar, satirik və əxlaqi-didaktik şerlər, qəsidələr yazmışdır. Onun poetik irsində dahi rus şairi A.S.Puşkinin ölmünə həsr olunmuş "Şərq poeması", öz yaxın sələfləri M.P.Vaqif və Q.Zakirin təsiri altında yazdığı qoşma və müxəmməsləri İran hökmdarı Nəsrəddin şahın vəzirlərini kəskin tənqid atəşinə tutan "Yeni əlifba haqqında" satirası və didaktik səciyyə daşıyan şerləri xüsusi əhəmiyyət kəsb edir.

M.F.Axundov Azərbaycan ədəbiyyatında bir dramaturq kimi böyük, misilsiz xidmət göstərmiş, geniş şöhrət qazanmışdır. Yüksək komik istedada malik olan Mirzə Fətəli XIX əsrin 50-ci illərin əvvəllərində "Hekayəti-Molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti müsyö Jordan və dərviş Məstəlik şah", "Cadügini-Məşhur" (1850), "Hekayəti-Xırs quldurbasan" (1851), "Sərgüşəti-vəziri-xani Lənkəran" (1852), "Hekayəti-mərdi xəsis" (1852), və "Mürafiə vəkilləri" adlı komediyalar yazmış, Azərbaycan ədəbiyyatında milli dramaturgiyanın mükəmməl əsaslarını qoymuşdur. Öz altı komediyası il o, Azərbaycan ədəbiyyatının real həyatla əlaqəsini olduqca qüvvətləndirmiş, onu öz dövrünün mühüm aktual ictimai, sosial və mənəvi məsələləri ilə əlaqəsini, xalqın zəruri tələb və ehtiyacları ilə bağlı olan yeni məzmun, yeni ideyalar gətirmiş və milli ədəbiyyatımızda yeni, realist ədəbiyyatın əsaslarını qoymuşdur. O, komediyalarında Azərbaycan xalqının 30-50-ci illər dövrü həyatı, ailə-məişət xüsusiyyətləri, sosial və mənəvi vəziyyəti, təsvir etmiş, müxtəlif ictimai təbəqə və zümrələrin dolğun, parlaq, rəngarəng surət və tiplərini yaratmışdır.

M.F.Axundov bir komedioqraf kimi öz Vətəni və Yaxın Şərq müsəlman ölkələrində, eləcə də Rusiya və Qərbi Avropa ölkələrində tanınmış, şöhrət tapmışdır.

M.F.Axundov 1857-ci ildə "Aldanmış kəvakib" povestini yazmış və Azərbaycan ədəbiyyatında yeni tipli bədii nəsrin ilk əsaslarını qoymuşdur. Povestdə o, Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edərək müasir olduğu İran feodal-despomik üsul-idarəsinin ictimai nöqsanlarının, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutmuş və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ etmişdir. Axundovun "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal və parlaq nümunələrindən birini təşkil edir.

Keçən əsrin 50-70-ci illərində Azərbaycan və fars dillərində bir silsilə olduqca uğurlu ədəbi-tənqidi məqalələr yazmış və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidi təşəkkül sahəsində də misilsiz xidmət göstərmişdir.

Tənqidçi-formalist və dini-mistik ədəbiyyatının kəskin tənqidi və yeni, realist ədəbi prinsiplərin təbliği onun ədəbi-tənqidinin və estetik görüşlərinin əsas məzmun və problemlərini təkşil edir.

M.F.Axundov XIX əsrin 60-70-ci illərində filosof və sosioloq kimi də fəal, məhsuldar fəaliyyət göstərmiş, "Kəmalüddövə məktubları" fəlsəfi traktantını "Həkim ingilis Yuma cavab", "Con Stuart milli azadlıq haqqında", "Mollayi-Rumi və onun təskifi" və başqa fəlsəfi-sosioloji əsərlərini yazmışdır. O, bu əsərlər ilə Azərbaycan və Yaxın Şərq müsəlman ölkələrinin fəlsəfi, siyasi, ictiami və sosial fikrində də əsaslı bir dönüş yaratmış, maarifçilik ideologiyasının ilk mükəmməl əsaslarını qoymuşdur.

M.F.Axundovun fəlsəfi traktatında və başqa fəlsəfi əsərlərində dünya maarifçilik ideologiyasının əsas tipik xüsusiyyətləri geniş, dərin, parlaq əksini tapmışdır. XVIII əsrin Qərbi Avropa ölkələri maarifçiliyinin və XIX əsrin 40-60-cı illər rus maarifçiliyinin görkəmli nümayəndələri kimi Axundov da fəlsəfi-sosioloji əsərlərində feodal despotik üsulidarəsinə, feodal dövlət və idarə sisteminə, feodal ictimai, sosial münasibətləri və hüquqi təsisatlarına, feodalizm ideoloji və mənvi dayağı olan dinə və orta əsrlər dini-ideologi baxımlara, sosioloji təhsilə və təlim-tərbiyə üsullarına qarşı çıxmış və yeni dövlət qurumunun-parlament üsul-idarəsini, yeni iqtisadi, ictimai, sosial, münasibətləri və qayda-qanunlarını, yeni liberal-demokratik görüşləri, yeni mənəvi-əxlaqi görüşləri, Avropa ölkələrinin yeni dövr elmi-mədəni nailiyyətlərini qızğın təbliğ etmişdir.

M.F.Axundov Azərbaycan və Yaxın Şərq müsəlman xalqlarının yeni dövr ədəbi-fəlsəfi fikrinin inkişafı tarixində müstəsna yer tutan bir yazıçı və filosof kimi tanınmış və şöhrət qazanmışdır. O, eyni zamanda ümumən dünya maarifçilik ideoloji cərəyanı parlaq nümayəndələrindən biri hesab olunur. 

 


Celil Memmedguluzadeni tanıyor musunuz
Evet
Hayır

(Sonucu göster)


 
 
Bugün 8 ziyaretçi (12 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol