Mirzə Ələkbər Sabir

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 May-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:

  • Tutdum orucu irəmazanda,
  • Qaldı iki gözüm qazanda,
  • Mollam da döyür yazı yazanda.

Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.

Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şer dəftərini də cırıbmış.

Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.

Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəri tar-mar etmişdi.Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi.

Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi.

XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərqi-Rus” qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,”Həyat” qəzetində şer çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.

Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət “İrşad” qəzetinin redaksiyasında korrektor işleyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.

Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu.Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir.

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şer yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərindən birində şair deyir:

  • İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
  • Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!

Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.

Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: “...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.

1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Sovet hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artdı, “Hophopnamə” böyük tirajla bir neçə dəfə çap olundu.









Mirzə Ələkbər Sabirin Şe'rləri


Bir məclisdə 12 kişinin söhbəti

Millət necə tarac olur olsun, nə işim var?!

Tərpənmə amandır bala, qəflətdən ayılma

Fəhlə səndə, özünü bir insanmı sanırsan

Bura say

Ürəfa marşı

Ölüb əəə!

Vəz etdiyin inandı, sən amma inanmadın!

Mirzə Ələkbər Sabir haqqında

http://bizimasr.media-az.com/arxiv_2002/yanvar/07/meden.html


Sabir təkcə qələm ustası kimi deyil, həm də ziyalı bir şəxs kimi öz dövründə xalq içində böyük hörmət sahibi olmuşdur. Atamın (Hacı Cəfərqulu) Sabirlə dostluğunun nə vaxtdan başladığını deməyə çətinlik çəkirəm, bir onu bilirəm ki, o, bizim evin ən yaxın adamı olmuş, atamla səmimi dostluq etmişdir. Hacı şer yazmasa da, sənətə çox böyük ehtiramla yanaşır, evimizdə tez-tez şer məclisləri düzəldərdi. Mən də qonaqları yemək və çayla təmin etmək üçün nökər və qulluqçulara lazımi sərəncam verərdim. Bu məclislərdə qadınların iştirakı qəti qadağan idi. Söhbətləri qadınlar yığışan evdən eşidilərdi. Onlar dəhlizdə bardaş qurub süfrə arxasında, döşəklərin üstündə oturub bir-birinin sözünü kəsmədən aramla danışır, şer söyləyərdilər (öz yazdıqlarından və yaxud Sabirdən).
Sabir dindar olmasa da, dinə çox böyük hörmətlə yanaşar, hətta nöhələr də yazardı. Sonralar bu nöhələri, eşitdiyimə görə, onun şagirdləri məsciddə oxuyarmışlar.


Sabir xalq içində böyük nüfuza malik idi. Şamaxıda şiələrlə birgə sünnilər də yaşayırdı. Bir dəfə necə olursa, onların arasında böyük çaxnaşma düşür. Çoxlu adam yaralanır, hətta ölənlər də olur. Bu qardaş qırğınının qarşısını almağı Sabirin boynuna qoyurlar. O da bu işin öhdəsindən çox böyük məharətlə gəlir. Şamaxıda bu barışıq böyük bayrama çevrilir. Lap Novruz bayramındakı kimi. Hamı sevinir. Çalıb-oynayırlar. Bax, Sabir belə kişi idi.
Bir gün Hacı evə bərk hirsli gəlir, hamının üstünə qışqırır, suallara cavab vermir, elə bil nəsə qiymətli bir şey itirib.


Deyilənlərə görə, Sabir Şamaxıda olan Babilərin məclisində tez-tez olarmış. Demə, Hacını qəzəbləndirən də bu imiş. Bir dəfə Hacı küçədə təsadüfən Sabirlə üz-üzə gəlir. Sabir heç nədən xəbərsiz halda Hacı ilə salamlaşır. Hacı onun salamını çox soyuq alır. Sabir Hacını saxlayıb deyir:


Baxıram, Hacı, sənə çox da pərişan görürəm,
Sifətində ləkə var, mərd Əli nişan görürəm,
Verdiyin haqq-salamı yerə salmaq nə üçün,
Cəngi-cəngalə çəkib, mənlə vuruşan görürəm.


Hacı qalın qaşlarını çatıb hirslə deyir: "Səni babilərin məclisində görüblər". Sabir məsələnin nə yerdə olduğunu başa düşüb deyir: "Doğru deyirsən, Hacı, mən dünən onların məclisində olmuşam. Amma bu, o demək deyil ki, mən də babi olmuşam. Mən öz din və məzhəbimə sadiqəm, həmişə də sadiq olacam". Hacı bir az sakitləşir və soruşur ki, bəs nə üçün o kafirlərin məclisinə getmisən? Sabir belə cavab verir: "Hacı, sən səhv edirsən! Babini də, sünnünü də, şiəni də, yeri də, göyü də Xuda yaradıb, qoy, özü də ayırd etsin. Biz isə aciz bəndələrik, onun yaratdığını poza bilmərik!". Hacı "Sən heç bilirsən, sənin hərəkətin Şamaxı əhli arasında necə böyük dedi-qoduya səbəb olub?", - deyə soruşanda Sabir təmkinlə: "Hacı, mən onların məclisindən çox şeylər görüb-götürmüşəm, yaxşısını saxlayıb, pisini atmışam" cavabını verir. Bu söhbətdən sonra onlar xudahafizləşib ayrılırlar.


Şamaxıda baş vermiş zəlzələ nəticəsində evimiz tamam sökülür. Ancaq iki qara tut ağacı qalır. Hacı yenə ev tikdirir. Köhnə həyətimiz isə tabağa bənzər bir meydançaya çevrilir. Qış vaxtı uşaqlar burada kirşə sürər, əylənərdilər. Yay günlərində isə Şamaxının yaşlı kişiləri burda yığışıb əvvəl imamlardan, sonra isə böhtanlardan danışardılar. Günlərin bir günü Hacı da bu kişilərə qoşulub söhbət edirmiş. Birdən kimsə Sabirin gəldiyini xəbər verir. Sabir onlara yaxınlaşıb salam verəndə, hamı birdən ayağa qalxıb onun salamını alır. Hacı Sabiri təzə evinə dəvət edir. Evdə süfrə açılır. Hörmətli qonağa böyük ehtiramla süfrənin başında yer ayırırlar. Əvvəl süfrəyə çay gətirilir. Sabir çay içə-içə nə barədəsə fikirləşirdi. Yaman fikirli görünürdü. Hacı bunu dərhal hiss edir və soruşur ki, Mirzə, xeyir ola, yaman fikirlisən? Sabir üzünü Hacıya tutub deyir: "Məni düşündürən sənin dünən mənə qarşı etdiyin hərəkətdir. Nə etmək olar, şəhərimizin Hacısısan da! Amma onu da deyim ki, sənin hərəkətin məni yeni bir şer yazmağa vadar etdi". Hacı şer kəlməsini eşidən kimi uşaq kimi sevinir və ondan oxumasını xahiş edir.
Mirzə etiraz etmir.


Əşhəd-ü billah-i əliykül əzim,
Sahib-i imanəm, a Şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə Müsəlmanəm, a Şirvanlılar!

Şiəyəm, amma nə bu əşkaldən,
Sünnüyəm, amma nə bu əmsaldən,
Sufiyəm, amma nə bu əbdaldən,
Haqq sevən insanəm, a Şirvanlılar!

Ümmət-i mərhumə vü məğfur ilə,
Əmrdəyəm taət-i məzbur ilə,
Küfrümə hökm eyləməyin dur ilə,
Qail-i Quranəm, a Şirvanlılar!


Hacı şeri dinlədikdən sonra Sabirə mənalı-mənalı baxaraq deyir: "Mirzə, mənim sənə böyük bir ehtiyacım var". Sabir təəccüblə soruşur: "Hacı, bu nə sözdür? Sən şəhərimizin varlı sakinlərindən birisən, sənin mənə nə ehtiyacın ola bilər!?". Hacı gülümsəyərək, "Ay Mirzə, bu maddi ehtiyac yox, mənəvi ehtiyacdır, mənim sənin şerlərinə, şirin-şirin söhbətlərinə çox böyük ehtiyacım var!" cavabını verir.


Sabirin ailəsi çox böyük idi. Hacı Sabirə şərikli sabun sexi açmağı təklif edir və onlar uzun müddət Şamaxıda fəaliyyət göstərirlər. Deyilənlərə görə, bu, Sabirin maddi vəziyyətinin qismən yaxşılaşmasına imkan verir.


Allah rəhmət eləsin Hacıya, bir dəfə mənim başıma bir oyun gətirib ki, heç ölənə kimi yadımdan çıxmaz! Fatma adında bir dul qadın evimizdə bizim üçün çörək bişirərdi. Qadının Mələkxanım adlı 10 yaşında qızı var idi. Hacı hər dəfə arvadı görəndə deyərdi: "Bacı, qızını yaxşı saxla, onu özüm ərə verəcəyəm!". Zavallı yaman sevinərdi və Hacıya deyərdi ki, nə olar, o da sənin qızın. Bir gün Hacı bazardan qayıdıb, məni yanına çağırdı və dedi: "Sən gərək bu gün Fatmagilə elçiliyə gedib, onun qızı Mələkxanımı mənim üçün alasan". Əvvəlcə bu sözün zarafat olduğunu düşündüm, amma sonra gördüm ki, kişi ciddi danışır. Soruşdum ki, axı mən ona necə deyim? Hacı cavab verdi ki, deyərsən, oğlumuza alırıq. Mən Hacı deyən kimi etdim. Qızı toy edib evimizə gətirdik. Mən otaqların birinə sığınıb uşaqlarımla qaldım, onlar isə o birisində. Sabir Hacının bu hərəkətinə qəzəblənir və ona bir şer yazır.


Hacı gedir yavaş-yavaş,
Qoltuğunda pendir-lavaş,
Hacıya aldın bir kilkəbaş,
Bərəkallah, Gövhər xanım!
Bərəkallah, Gövhər xanım!

M.Ə.Sabir qadınların hüquqlarını qoruyur, şəriətin verdiyi səlahiyyətləri möhtəkirliklə öz xeyrinə yönəltməyi bacaran insanları qamçılayırdı. Elin izzəti-nəfsini qoruduğu üçün Sabir el şairi kimi sevilmiş, sevilir, seviləcəkdir.

M.Ə.SABİR VƏ TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ MƏSƏLƏLƏRİ
Seyidmiri Aslanov


Mirzə Ələkbər Sabirin anadan olmasinin 140 illiyi


Artıq bir əsrə yaxındır ki, Azərbaycan xalqının böyük şairi Mirzə Ələkbər Sabirin (1862—1911) həyatı ıə yaradıcılığı geniş ictimaiyyətin və tədqiqatçıların diqqət mərkəzindədir. Bu müddət ərzində, misilsiz istedad sahibi olan sənətkarın həyat və fəaliyyətinin, yaradıcılıq irsinin öyrənilməsi və böyük oxucu kütləsinə çatdırılması sahəsində olduqca geniş miqyasılı və sanballı işlər görülmüşdür. Bura birinci növbədə Mirzə Ələkbər Sabirin əsərlərinin şairin məsləkdaşı və yaxın dostu Abbas Səhhət tərəfindən hələ 1912-ci ildə əsası qoyulmuş nəşriyyat işi daxildir. Şairin "Hop-hop" təxəllüsü ilə əlaqədar "Hophopnamə" adı altında əsərlərinin dəfələrlə çap olunması xalqımızın və dövlətimizin ona çox böyük maraq və diqqətinin, rəğbət və məhəbbətinin ifadəsidir. Bundan başqa, Mirzə Ələkbər Sabirin müasirləri tərəfindən təməl daşları qoyulmuş və sonrakı dövrdə bir çox tədqiqatçılar tərəfindən tədqiq və təhlil dairəsi olduqca genişlənmiş olan sabirşünaslıq əmələ gəlmişdir.


Bu cəhətdən qeyd etmək lazımdır ki, Mirzə Ələkbər Sabirin 100 illik yubileyi dövründə meydana çıxan əsərlər bolluğu xüsusilə diqqətə layiqdir. Görkəmli heykəltəraş C.M.Qaryağdının yaratdığı, Bakının "İstiqlal" küçəsində tarixi qala divarlarına bitişik bağda Mirzə Ələkbər Sabirin şərəfinə qoyulmuş abidə isə xalqımızın öz yüksək ləyaqətli övladına verdiyi böyük qiymətin nümunəsidir. Əlində kitab, qaya parçası üzərində oturmuş halda təsvir olunmuş bu obrazda Mirzə Ələkbər Sabirin çox səbirli və həqiqətən möhkəm iradəli təbiəti diqqəti cəlb edir.


Əlbəttə, bu görülən işlər heç də o demək deyildir ki, guya şairin həyat və yaradıcılıq yolu tam öyrənilmişdir və Sabir yaradıcılığında tədqiq edilməli, öyrənilməli daha heç bir sahə qalmamışdır. Əksinə, onun həyat yoluna və zəngin ədəbi irsinə diqqət yetirdikcə, tədqiqat və axtarışlar genişləndikcə hələ də öyrənilməmiş yeni-yeni məsələlər üzə çıxır. Mirzə Ələkbər Sabirin çoxcəhətli ədəbi-ictimai fəaliyyətində bir sıra elə problemlər də vardır ki, həmin məsələlərə indiyə qədər ya heç toxunulmamış, ya da onlardan ötəri, ümumi şəkildə və qismən bəhs olunmuşdur.


Zənnimizcə belə məsələlərdən biri böyük şairin xalqımızın, bütövlükdə türk dövlətçiliyi tarixinə münasibətidir. Bu baxımdan xalqımızın minillikləri əhatə edən böyük tarixi ərzində baş verən hadisələrin təhlili, onların baş verdiyi tarixi şəraitin şairin əsərlərində tədqiq olunması, həmin məsələlərə təkcə şair kimi deyil, həm də türk dövlətçiliyi tarixinə yaxşı bələd olan bir tədqiqatçı kimi yanaşması Mirzə Ələkbər Sabiri gözümüzdə bir daha ucaldır. Maraqlıdır ki, bu ucalığı ilk dəfə görənlərdən biri olan görkəmli yazıçı və dövlət xadimi Tağı Şahbazi Simurğ hələ 1916-cı ildə "Hophopu yad et" məqaləsində yazmışdır:
"Sabir bir şair idimi?


Sabir gözəl bir müsəvvir1 rəssam, Sabir bir təbi-layəmut2, Sabir — yaxşı bir insan, Sabir xalqımızın mərəzini3 bilmiş bir təbibi-haziq4, Sabir doğru söyləyən ədib idi... Sabiri unutmamalı, Sabirin ruhunu xeyir sözlərlə yad etməliyik!.. Çünki Sabirlərini unudan bir xalq səbir və təhəmmül5 olunmayacaq bəlalara düçar ola bilər"6 .


M.Ə.Sabirin əsərlərində təkcə Azərbaycan xalqının deyil, dünyanın bir çox başqa xalqlarının həyatına aid, məişət məsələlərindən tutmuş onların xarakterinin tarixən formalaşmasına qədər böyük inkişaf yolu keçməsi prosesini əhatə edən hadisələrə toxunulur. Tarixi proseslər, dünyanın müxtəlif guşələrində baş verən ictimai-siyasi hadisələr ardıcıllıqla, onların səbəb və nəticə əlaqələri dəqiq göstərilməklə təhlil olunur.


Böyük ədib Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının fəaliyyətə başlaması ilə eyni vaxta düşən bu mühüm ictimai-siyasi hadisələr M.Ə.Sabirin coşğun yaradıcılığı üçün ilham mənbəyi olmuşdur. Fikrimizə M.Ə.Sabir yaradıcılığından səciyyəvi nümunələr göstərməklə aydınlıq gətirməyə çalışaq. 1907-ci ildə Azərbaycanın görkəmli ictimai xadimlərindən biri Əlibəy Hüseynzadənin (1864-1941) nəşr etdirdiyi "Füyüzat" jurnalının 7 avqust tarixli 24-cü nömrəsində XİX əsrin sonu XX əsrin əvvəllərində Bakıda ədəbi məclislərin təşkilatçılarından biri olmuş şair Əbdülxalıq Cənnətinin (1854-1931) "Fəxriyyə" adlı şeri çıxmışdı. Şerin birinci bəndi belədir:


"hərçənd düçar-i mihən-i əhl-i cəfayız,
Hərçənd bu əyyamdə pabənd-i bəlayız,
Ey xar görən bizləri, bizlər nücəbayız,
Meydan-i həmiyyətdə ələmdar-i vəfayız.
Turanlılarız, sahib-i şən-ü şərəfiz biz!
Əslafimizin naib-i xeyrülxələfiz biz!" 7


Göründüyü kimi, müəllif öz şerində "bu əyyamda çətinliyə, dərdə düşmüş, bəlaya düçar olmuş bizləri", yəni, xalqı, əhalini nücəba hesab edir, birlik meydanında vəfalı bayraqdar sayır, şan-şöhrət sahibi turanlılar (burada geniş mənada türk xalqları, məhdud mənada isə azərbaycanlılar), sələflərinin xeyrülxələf naibləri kimi təqdim edir. Təbii ki, bu məsələ mənsub olduğu türk-azəri xalqını əsarətdə, Türkiyəni isə getdikcə daha çox imperialist dövlətlərdən asılı vəziyyətdə görən Sabiri də dərindən düşündürürdü. Xalqda milli mənlik şüurun formalaşdırmağın ardıcıl tərəfdarı olan şair keçmişi ilə öyünməyi xoşlayan, əsarətdən qurtarmaq yolunu görməyən belə qələm sahiblərimni cavabsız qoya bilməzdi. Buna görə M.Ə.Sabir də "Molla Nəsrəddin" jurnalının 26 avqust 1907-ci il tarixli 32-ci nömrəsində çap etdirdiyi öz "Fəxriyyə" şerini yazır. Ə.Cənnətinin mədhiyyəsini çox kəskin surətdə tənqid edən M.Ə.Sabir xalqın nankor övladlarının, onun taleyinə biganə olanların, müxtəlif dövrlərdə məmnuniyyətlə istibdadın qulluğunda duranların, tüfeyli həyat keçirənlərin, fitnəkarların və s. xarakterində mövcud olan xoşagəlməz halları, pis cəhətləri, pis vərdişləri bir-bir sayır, onların nəsildən-nəsilə keçdiyini, körpəlikdən başlayaraq ömür boyu necə davam etdiyini göstərir və əsaslandırır:


"Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan-daşımızdan,
Tarac edərək bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!"8


Buradan başlayaraq M.Ə.Sabir tarixi faktları göstərməklə, onları türk xalqlarının tarixinin təqribən min illik dövrünə aid olan konkret hadisələr əsasında təhlil edir. "Fəxriyyə" şerinin sonrakı bəndində oxuyuruq:


Ol gün ki, Məlikşah Büzürk eylədi rihlət9,
Etdik iki namərd vəzirə təbəiyyət10,
Qırdıq o qədər bir-birimizdən ki, nəhayət,
Düşmən qatıb əl təxtimızı eylədi qarət
Öz həqqimizi gözləməyə bitərəfiz biz!
Turanlılarız, adiyi-şüğli-sələfiz biz"11


Xİ əsrin sonu — Xİİ əsrin əvvəllərində baş vermiş bu hadisələr Azərbaycan tarixinin çox mühüm bir dövrü ilə əlaqədardır. Məlum olduğu kimi, hələ Vİİ əsrdə islam etiqadını ölkəmizə gətirmiş olan Ərəb xilafətinin İX əsrin 20-30-cu illərində qüdrətli Babək hərakatının təsiri altında zəifləməsi nəticəsində başlanmış feodal dağınıqlığı prosesi Azərbaycanda da bir sıra kiçik feodal dövdətlərinin meydana gəlməsinə səbəb olmuşdu. Ölkəmizin ərazisində Şirvanşahlar dövləti, Şəddadilər, Sacilər, Salarilər və Rəvvadilər sülalələrinin hökmranlıq etdiyi ayrı-ayrı dövlətlər yaranmışdı. Tarixləri qarşılıqlı müharibələr şəraitində keçən bu dövlətlərin ən uzunömürlüsü Şirvanşahlar dövləti olmuşdur. Digərləri isə bir-birilə düşmənçilik muharibələri nəticəsində nisbətən qısa müddətdə tarix səhnəsindən çıxmış, sonuncu, Rəvvadilər dövləti isə Xİ əsrin 70-ci illərində həmin dövrdə Yaxın və Orta Şərqdə formalaşmış olan Səlcuq türk dövlətinin hökmdarı Alp Arslanın (1063-1072) Azərbaycana hücumu zamanı süqut etmişdi.


M.Ə.Sabirin "Fəxriyyə" şerində adı çəkilən Məlikşah Büzürk həmin Səlcuq dövlətinin çox qüdrətli hökmdarı idi. Əsasını sultan Toğrul bəyin (1038-1063) qoymuş olduğu və onun varisi (qardaşı), bu dövləti daha da möhkəmləndirib genişləndirmiş sultan Alp Arslanın oğlu Məlikşah Büzürkün (1072-1092) zamanında Azərbaycan ərazisi tamamilə böyük Səlcuq səltənətinin tərkibinə daxil edilmişdi. Məlikşahın özünün bacarıqlı dövlət xadimi kimi yüksək keyfiyyətləri və vaxtilə atası Alp Arslana vəzirlik etmiş, sonra da Məlikşahın atabəyi (tərbiyəçisi)və vəziri olmuş Nizam əl-Mülkün qabiliyyəti sayəsində Səlcuq sultanlığı o dövrün həm siyasi, həm də iqtisadi cəhətdən çox güclü bir dövlətinə çevrilmişdi.


Lakin iş elə gətirdi ki, Məlikşah Büzürk və onun müdrik vəziri, hər ikisi demək olar ki, eyni vaxtda, 1092-ci ildə (Məlikşah Büzürk zəhərlənərək, Nizam əl-Mülk isə sui-qəsd nəticəsində) dünyadan köçdülər və xalq M.Ə.Sabirin dediyi kimi, "iki namərd vəzirə təbəiyyət" etməyə məcbur oldu. Kim idi bu iki namərd vəzir?


Bu sualın cavabını tapmaq üçün 900-1000 il əvvəlki tariximizə ötəri bir "səyahət" etmək lazım gəlir. Məsələ belədir ki, Məlikşah Büzürkün ölümündən sonra onun oğulları sultan Mahmud (1092-1094), Börküyarıq (Rüknəddin Əbdülmüzəffər) (1094-1104), sultan Məhəmməd (1105-1118) və sultan Səncər (1118-1157)arasında hakimiyyət uğrunda gedən müharibə bir neçə ildən sonra böyük Səlcuq dövlətinin parçalanmasına gətirib çıxartdı. Əsasən sultan Məhəmməd və Börküyarıq arasında gedən mübarizə 1104-cü ildə onların müqavilə bağlaması ilə başa çatdı. Məhəmməd böyük sultan kimi Suriya, İraq, Zaqafqaziya və s., Börküyarıq isə İranı idarə etdi. Sultan Məhəmməd sonralar Səlcuq dövlətinin böyük ərazisi üzərində hökmranlığı bərpa etsə də, sonuncu böyük sultan Səncər zamanı dövlətin ərazi bütövlüyü yenidən pozuldu. Tarixi ədəbiyyatda, bu hadisələrin gedişində iştirak etmiş olan həmin "namərd vəzirlər" haqqında ətraflı məlumata rast gəlmədik. Yalnız akademik Z.Bünyadovun "Azərbaycan Atabəylər Dövləti" kitabında aşağıdakı məlumat vardır: "Hekayə salnamə tipli mənbələrdən başqa Azərbaycanının Xİ-Xİİ əsr tarixçiləri üçün səlcuq sultanları (İraq Səlcuq sultanları) Mahmudun (1118-1131) və Məsudun (1133-1152) və xəlifə Müstərşidbillahın (1118-1135) vəziri olmuş Ənuşirvan ibn Xalid ibn Mühəmməd əl-Kaşaninin (1138-ci ildə ölmüşdür) xatirələri maraqlıdır. Bu əsər fars dilində yazılmış və müəllif tərəfindən "Fütur zaman əs-südur və südur zaman əl-fütur" ("Vəzirlər zamanının tənəzzülü və tənəzzül zamanının vəzirləri") adlandırılmışdır. O, sultan Məlikşahın hökmranlığından (1072-1092) sultan İİ Toğrulun ölümünə qədərki (1134-cü il) dövrü əhatə edirdi və orijinalda bizə qədər gəlib çatmamışdır"12.


Bəs onda M.Ə.Sabir göstərilən dövrün hadisələri haqqında məlumatları hansı mənbədən almışdır və həmin iki namərd vəzir "görəsən kimlərin vəziri" olmuşlar. Akademik Z.Bünyadov mənbələr haqqında danışarkən daha sonra o dövrün tarixçilərindən İmam-əd-Din əl-İsfəhani, Qəvaməddin əl-Münşi, Zahir əd-din Nişapuri, Mühəmməd ibn əl-Rəvəndi, Sədrəddin əl-Hüseyni kimi müəlliflərin əsərlərini, Mühəmməd ibn əl-Əsirin çoxcildlik "əl-Kamil fit-tarix" ("Mükəmməl tarix") kitabını və bir çox başqa mənbələri qeyd edir. Görkəmli şərqşünas Z.Bünyadovun kitabında həmin mənbələr əsasında İraq səlcuq sultanı "Mahmudun (1118-1131) vəziri Şəms əl-Mülk Osmanın xəzinəyə gələn gəliri mənimsədiyinə görə hökmdarın əmri ilə edam olunması"(1123) haqqında məlumat verilir. Bir qədər sonra həmin dövlətin digər hökmdarı sultan Məsudun (1133-1152) sonrakı vəziri, həm də sonrakı sultanlar Məlikşahın (1152-1153) və Məhəmmədin (1153-1159) vəziri olmuş Xasbək ibn Palantərin xəyanət yolu tutub bir hökmdarı başqa bir hökmdara qarşı qaldıraraq fitnəkarlıqlar törətməsindən söhbət açılır və göstərilir ki, bu qohum-qardaş hökmdarların qüvvələrinin 1147-ci ildə Həmədan yaxınlığında vuruşması "əcəmlər arasında o vaxta qədər baş vermiş döyüşlərdən ən böyüyü oldu ki, bu döyüşdə ordular bir-birini qırıb-çatdılar"2. Çox güman etmək olar ki, M.Ə.Sabir akademik Z.Bünyadovun qeyd etdiyi bu əsərlərlə tanış imiş və Məlikşah Büzürkün ölümündən sonra baş verən hadisələrə öz münasibətini bildirmişdir. M.Ə.Sabirin tərcümeyi-halından bilirik ki, 1885-ci ildə, 23 yaşında olarkən səyahətə çıxmış şair bir neçə il ərzində Xorasan, Səbzəvar, Nişapur, Səmərqənd, Buxara və b. yerləri gəzmiş, sonra Kərbala ziyarəti zamanı Şərqin bir sıra digər yerlərində, o cümlədən Aşqabadda olmuş, Şərq dünyasının böyük şair və alimlərinin əsərləri ilə tanışlıq ona türk dövlətçiliyi tarixinə dair çox böyük bir dövr haqqında geniş məlumat əldə etməyə imkan vermişdir.


Ərəb və fars dillərini yaxşı bilməsi və qiymətli mənbələrlə tanış olması sayəsində tarixi hadisələrin gedişini çox düzgün işıqlandıran şair əldə etdiyi faktları əsl tədqiqatçı kimi təhlil edərək dərin təəssüf hissi ilə göstərir ki, Məlikşah Büzürkün vəfatından sonra "qırdıq o qədər bir-birimizdən ki, nəhayət, düşmən qatıb əl taxtımızı eylədi qarət". Bəli, "öz haqqımızı gözləməyə bitərəf" olduğumuzdan bir-birimizlə düşmənçiliyə başımız elə qarışdı ki, düşmən taxtımıza əl qatıb onu qarət etməyə fürsət tapdı. Şəxsiyyətləri hələ araşdırmalar aparıb aydınlaşdırılmalı olan "namərd vəzirlərin" fitnəkarlığı üzündən bir-birinə düşmən olan qardaşların arasında gedən mübarizə o vaxt Qərbi Avropada yenicə təşkil olunan Şərqə doğru səlib yürüşləri üçün əlverişli fürsət yaratdı, təzəcə formalaşmağa başlayan Səlcuq dövlətinin daha da möhkəmləndirilməsi qayğısına qalmaqdansa, qardaşların ataları dünyadan gedəndən sonra öz dövlətlərini əl-ələ verib daha da qüvvətləndirməyə çalışmaq əvəzinə törətdikləri daxili münaqişələr nəticəsində qısa müddət ərzində oğuz-səlcuq səltənəti parçalanıb dağıldı.


"Fəxriyyə" şerində türk dünyası tarixində mühüm rolu və təsiri olmuş bir çox başqa dövlətlərin də adları çəkilir, vaxtilə onların da (Xarəzmşahlığı, Qızıl Orda, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Osmanlı və s.) daxili və xarici münaqişələr üzündən süqut etməsi nəzərə çatdırılır.


M.Ə.Sabirin xalqlarımızın tarixinin tədqiqinə və tarixinə həsr olunmuş bir sıra başqa əsərləri də vardır, lakin "Fəxriyyə" şeri bunların içərisində şah əsəri sayıla bilər. Tarixin min ildən ibarət olan böyük bir dövrünü on bir bəndlik şerdə belə məharətlə vermək hər şairə mümkün olan iş deyil. Buna yalnız M.Ə.Sabir zəkası, məlumatı və dünyagörüşü, M.Ə.Sabir qələmi, hünəri və cəsarəti, bütün varlığını xalqa həsr etmək amalı və təssübkeşliyi qadir ola bilərdi. Millətsevər şair tariximizdə yol verilmiş böyük səhvləri görüb tənqid etməklə yanaşı gələcəyimizi belə səhvlərdən uzaqlaşdırmağa çalışırdı. O, böyük uzaqgörənliklə xalqı sayıq olmağa, yeni "namərd vəzirlərin" fitnəkarlıqlarından qorunmağa çağırırdı, o, sanki gələcək ixtiyar sahiblərinin sayıqsızlığı üzündən "sapı özümüzdən olan və özümüzdən olmayan baltaların" — namərd vəzirlərin (mikoyanların, markaryanların, qriqoryanların, atakişiyevlərin və s.) törədəcəkləri qırğınları əvvəlcədən görürdü. Şairin vəfatından bir neçə il sonra ölkəmizdə və bütün türk-müsəlman dünyasında ilk dəfə yaradılmış ilk müstəqil dövlətimizi — 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Cümhuriyyətini məhz fitnəkarlıqlar üzündən qoruyub saxlamaq mümkün olmadı.


Milləti daim həmrəy görmək arzusu ilə yaşayan şairin bu məramı arzu olaraq qalmaqlda idi. Yalnız uzun illər keçdikdən sonra, həyatını Azərbaycan xalqına həsr etmiş olan və yeni, müstəqil Azərbaycan dövlətinin qurulmasına və möhkəmləndirilməsinə, onun gələcək inkişafına həsr etməkdə davam edən, adı dünyanın ən görkəmli dövlət xadimləri ilə yanaşı çəkilən, müasir dövrun tanınmış siyasətçisi və xalqımızın milli lideri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən quruculuq işləri sayəsində həmin arzunun həyata keçməsi üçün şərait yaranmışdır. Artıq öz müstəqil dövlətini qurmuş və məhz Heydər Əliyevin rəhbərliyi sayəsində dünya dövlətləri arasında öz layiqli yerini tutmuş dövlətin başçısı kimi, hörmətli Prezidentimiz millətin lideri və ağsaqqalı kimi bütün dünya azərbaycanlılarını ölkəmizin, xalqımızın, millətimizin daha da tərəqqisi uğrunda həmrəy olmağa çağırır. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş dünya azərbaycanlılarının İ qurultayında söylədiyi nitqində Heydər Əliyev bir sərkərdə kimi, azərbaycanlılıq ideyasını bayraq timsalında yüksəyə qaldıraraq xalqı düşmən təcavüzündən xilas olmaq uğrunda, artıq 10 illiyini bayram etdiyimiz müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və vətənimizin tərəqqisi uğrunda mübarizəyə səfərbər edir. Bu çağırışda xalqımızın xoşbəxt gələcəyinə dərin inam vardır. Müstəqil dövlətimizin xoşbəxt və firavan gələcəyinin təminatı isə müasir "Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellektual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi" 13 ilə bağlıdır.


Yüz il bundan qabaq isə bu səviyyə yox idi. Yüz il bundan qabaq əsarət və ətalət yükü o qədər ağır idi ki, M.Ə.Sabirin dediyi kimi "bizi əsr dindirirdi, biz isə dinməyirdik", əcnəbi seyrə balonlarda çıxırdı, biz isə hələ avtomobil minməyirdik", xalqı "tək-tək oyanan" yuxudan oyanmağa çağırsa da, çoxları "millətin düşmənlərə möhtac olmasını", "yatanların hələ də yatmasını" istəyir, "tək-tək ayılanların" qorxusundan hələ bir "haqqı dada" çağırırdı. Xalqı bu ağır vəziyyətdən qurtarmaq üçün həqiqətən, Cəlil Məmmədquluzadənin dediyi kimi, "M.Ə.Sabirin özünü "Molla Nəsrəddin meydanına ataraq nərilti və gurultu" qoparması lazım idi.


M.Ə.Sabirin həyatda görmək istədiyi həmrəylik nümunəsini xalqımız hal-hazırda göstərir. Ermənilərin indiki zorakılığına məruz qalmış, özlərinin ata-baba yurdlarından didərgin düşmüş olan 1 milyon nəfər azərbaycanlı vətəndaşları ölkəmizin müxtəlif yerlərində dövlətimizin himayəsində, xalqımızın qardaşlıq qayğısı şəraitində yaşayır və müdrik Prezidentimiz H.Əliyevin ardıcıl və uzaqgörən daxili və xarici siyasətinə dərin inamla yanaşaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə çalışaraq bu yolda böyük iradə və əzmkarlıq nümayiş etdirir. Bu iradə və əzmkarlıq xalqımıza öz haqq işi uğrunda mübarizədə qalib gəlməyə kömək edəcək. Bu qələbə isə böyük şairimiz M.Ə.Sabirin vəfatından 90 il keçdiyi və anadan olmasının 140 ilinin tamam olduğu bir dövrdə, xalqını ədavətdən, təfriqədən və ixtilafdan uzaq görmək istəyən, ona səfalı həyat arzu edən bu mütəfəkkirin ruhunun şad olması demək olar. Onun məramı belə bir səfalı həyat idi və bu məram indi də dünyada durur, uğrunda mübarizə gedir.

1. təsvirçi
2. ölməz istedad
3.dərdini
4. mahir həkim
5. dözülməz
6. A.Zamanov. Müasirləri Sabir haqqında. Bakı, 1962. səh.: 64-66.
7. M.Ə.Sabir. “Hophopnamə”. Bakı, 1992. səh.: 416
8. M.Ə.Sabir. “Hophopnamə”. Bakı, 1992. səh.: 91
9. vəfat
10. itaət
11. Yenə orada, səh. 91.
12. Z.Bünyadov. “Azərbaycan Atabəylər Dövləti” (rus dilində), Bakı, 1978, səh. 9.
13. Z.Bünyadov. “Azərbaycan Atabəylər Dövləti” (rus dilində), Bakı, 1978, səh. 9.

 


Celil Memmedguluzadeni tanıyor musunuz
Evet
Hayır

(Sonucu göster)


 
 
Bugün 6 ziyaretçi (9 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol